Dilqəm Məhərrəmovun sertifikatı ləğv olundu?- Danışmaqdan imtina etdi


Səhiyyə Nazirliyi tərəfindən 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsinin ləğv edilməsi ilə bağlı məlumatlar yayıldı. Bu cərrahlar arasında məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da adı çəkilir.
Məlumata görə, Dilqəm Məhərrəmovun sertifikasiya şəhadətnaməsinin müddəti 2 mart 2025-ci ildə başa çatırdı. Sertifikatın yenilənməsi üçün Səhiyyə Nazirliyinin təşkil etdiyi kurslarda iştirak və imtahan tələbi olsa da, cərrahın bu proseslərdə iştirak etmədiyi bildirilib. Bu səbəbdən onun sertifikatının müddətinin uzadılmayacağı qeyd edilib.
Bununla belə, "Baku Medical Plaza"nın "Medilux" filialının daxil olduğu "AZERA Holdinq"in biznesin inkişafı departamentinin rəhbəri Elnur Kələntərov yayılan məlumatların həqiqəti əks etdirmədiyini və Dilqəm Məhərrəmovun işinin başında olduğunu bildirib.
6 mart 2025-ci il tarixinə olan məlumata əsasən, cərrahın sertifikasiya şəhadətnaməsinin yenilənməsi ilə bağlı rəsmi təsdiqedici məlumat mövcud deyil. Bu səbəbdən, Ajans.az olaraq onun peşə fəaliyyətini davam etdirib-etdirmədiyi və sertifikatının yenilənib-yenilənmədiyi barədə dəqiq məlumat əldə etmək üçün Səhiyyə Nazirliyinə sorğu ünvanladıq.
Səhiyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdürü Elvin Hacıyev Ajans.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 24.01.2025-ci il tarixli 3-28/3-1-26/2025 nömrəli əmri ilə ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılması məqsədilə Xüsusi Təftiş Komissiyası yaradılıb:
"Sözügedən komissiyanın işinin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək."
Məsələ ilə bağlı Dilqəm Məhərrəmovdan da açıqlama almağa çalışsaq da, köməkçisi cərrahın bu barədə danışmaq istəmədiyini bildirərək suallarımızı cavabsız qoydu.
Əgər Dilqəm Məhərrəmov sertifikasiyadan keçmiş olsaydı, bu barədə tərəddüd etmədən açıqlama verərdi. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, o, hazırda şəhadətnamə almaq üçün çalışır.(Yenixeber.org)


Tarix: Bu gün, 17:31


Bölməyə aid digər xəbərlər