Sədrinə töhmət verilən qurum 103 milyon zərərlə işləyib - TƏFƏRRÜAT


Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət elan edilməsi, eləcə də agentliyin aparat rəhbəri Kənan Qasımovun işdən çıxarılması ilə bağlı yayılan xəbərlər müzakirə mövzusu olaraq qalır. Xüsusilə, son illər agentliyə dövlət büdcəsindən ayrılan vəsaitlərin həcmi ilə turizimin inkişafı sahəsində aparılan işlərlə tərs mütənasibdir.

Bu ilin büdcəsindən ölkədə turizm imkanlarının genişləndirilməsi, regionlarda turizm fəaliyyətinin stimullaşdırılması üçün Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 53,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

2024-cü ildə Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 54,4 milyon manat, o cümlədən “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin xərclərinin bir hissəsinin örtülməsi üçün 12,1 milyon manat vəsait nəzərdə tutulub.

2023-cü ilin dövlət büdcəsinin “İqtisadi fəaliyyət” bölməsinin “Turizm” paraqrafı üzrə xərclərinə 29,8 milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinin hesabatları göstərir ki, agentlik əsasən Azərbaycanın turizm imkanlarının dünyada tanıdılması adı altında vəsaitləri xərcləyib.

Rusiya, Almaniya, İngiltərə, BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiyada sərgi üçün stendlərin tikilişinə 1,7 milyon manat, Azərbaycan turizminin təbliğatı üçün Gürcüstan ofisinin saxlanmasına 0,2 milyon manat, BMT-nin İnkişaf Proqramının Azərbaycanda Regionların Dayanıqlı Turizminin İnkişafı ilə bağlı Proqramına dəstəklə bağlı xərclərə 2,9 milyon manat, xarici ölkələrdə Azərbaycan turizminin təbliği üçün sərgilərdə iştirak etmək məqsədi ilə sahələrinin icarəsinə (Rusiya, Almaniya, İngiltərə , BƏƏ, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qazaxıstan, İspaniya, Çin, Özbəkistan, Yaponiya), Worldchef ilə birgə əməkdaşlıq çərçivəsində Avstriya, Lüksemburq İtaliya, BƏƏ kimi ölkələrdə Azərbaycanın dünyaca məşhur yeməklərinin kulinariya yarışlarında təqdim olunmasına 2,9 milyon manat, xarici ölkələrdə təbliğat xarakterli işlər, həmçinin dünyaca məşhur rəqəmsal yayım platformalarında təbliğat işlərinin aparılmasına 2,1 milyon manat, İslam Əməkdaşlığı Təşkilatları ilə Turizm əlaq ələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə 0,1 milyon manat, Türk dünyası Təşkilatları ilə turizm əlaqələrinin gücləndirilməsi məqsədi ilə həyata keçirilən tədbirlərə isə 0,1 milyon manat vəsait xərcləyib.

Agentliyin sərgilərə xərclədiyi vəsaitlər açıq tender elanlarından da görünür. Məsələn, qurum bu ilin fevralında 18-20 mart 2025-ci il tarixlərində Moskvada keçiriləcək “MITT 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılması ilə bağlı 134 min 286,36 manatlıq tender keçirib. Berlində keçirilən, martın 6-na qədər davam edəcək “ITB Berlin 2025” turizm sərgisində açar təhvili üsulu ilə sərgi stendinin quraşdırılmasına isə 295 min 565,22 manat xərcləməyi planlasa da müqavilədə 79 min 370 manata razılaşıb.

2025-ci ilin 23-25 fevral tarixlərində İtaliyanın Bolonya şəhərində keçirilən stendin məzmununun tərtibatı, eləcə də ölkəmizin yerli üzüm sortlarından hazırlanan icma şərabçılığının potensialının "Slow Wine" koalisiyasının prinsiplərinə əsasən araşdırılması xidmətləri ilə bağlı “Fondazıone Slow Food E.T.S.” şirkəti ilə 107 min 535,73 manat dəyərində müqavilə imzalayıb.

Bütün bu bahalı təbliğatın fonunda Azərbaycana bu ilin yanvar ayında 172 min 653 xarici vətəndaş və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu da cəmisi 4% artım deməkdir.

Bir məqamı da vurğulayaq ki, Hesablama Palatasının rəylərində, hesabatlarında Dövlət Turizm Agentliyinin adına rast gəlmək mümkün deyil.

Digər mühüm məsələ agentliyə məxsus "Şahdağ Turizm Mərkəzi"nin illərdir zərərlə işləməsidir. 2023-cü ildə dövlət büdcəsindən 11,777 milyon manat vəsait alan mərkəz hesabat dövrünü 6,682 milyon manat zərərlə başa vurub. Dövlət şirkətinin yığılmış zərəri 6,9% artaraq 103,859 milyon manata çatıb.

2024-cü ilin yanvarın 1-nə "Şahdağ Turizm Mərkəzi"nin aktivləri 214,159 milyon manat olub ki, bu da illik müqayisədə 29,1% azdır. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 3,5 dəfə azalaraq 0,534 milyon manata, balans kapitalı isə 28,9% azalaraq 213,625 milyon manata düşüb.

Teleqraf


Tarix: Dünən, 18:04


Bölməyə aid digər xəbərlər