Babək sakinlərinin NƏQLİYYAT DƏRDİ... - MÜRACİƏT


Babək sakinləri Naxçıvan şəhərindən rayona işləyən marşrut avtobuslarının texniki nasazlığından şikayət edirlər. Sakinlərin sözlərinə görə, avtobuslarda istilik sistemi işləmir, dönmə işıqları yanmır. Üstəlik, sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi sərnişinlərin həyatını təhlükəyə atır. Sərnişinlər həmçinin sürücülərin davranışından da narazıdırlar.
Rayon sakini M. Həsənov bildirir ki, problemlə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, nəticəsi olmayıb:
"Uzun müddətdir bu marşrutdan istifadə edirəm. Avtobuslar istismara yararsız olsa da, xəttə buraxılır. Bəlkə də istismara verildiyi gündən texniki baxışdan keçməyib. Sürücülər isə avtobusları sürətlə idarə edir, təhlükəli manevrlər edirlər. Yol hərəkəti qaydalarına əməl etmirlər. Dönmə işıqları işləmir. Sərnişinlər qışda soyuqda, yayda istidə, toz-torpaq içində getməyə məcbur qalırlar. Bir sözlə, avtobuslar şəxsi mülk kimi istifadə olunur. Dəfələrlə irad bildirmişəm. Sürücülər deyir ki, 'Maşın bizimdir, belə idarə edirik, xoşu gəlməyən minməsin.' Yuxarı orqanlara da şikayət etmişik, amma baxan yoxdur."
Digər sakin Y. Bağırov da marşrut xəttində ciddi nöqsanların olduğunu bildirir:
"Ciddi nasazlıqları var. Avtobusların xəttə buraxılmaması üçün təkcə dönmə istiqamətini göstərən işıqların yanmaması kifayətdir. Hətta bu çatışmazlıq hər an qəzaya səbəb ola bilər. Amma nasazlıqları aradan qaldırmırlar. Dəfələrlə qəza vəziyyəti yaranıb. Sürücülər sürət həddini aşır, təhlükəli sürürlər. Buna görə də çox insan ya taksi, ya da mikroavtobuslarla getməyə üstünlük verir. Bəzən sürücülər yolda taksi və mikroavtobuslara qəsdən maneə törədir, onların qarşısını kəsirlər. Deyirlər ki, 'Biz plan veririk, onlar bizə mane olur.' Daha çox pul qazanmaq üçün sərnişinlərin həyatını riskə atırlar. Amma şikayətlərə baxan yoxdur."

"Gündəlik Naxçıvan"


Tarix: 14-02-2025, 11:55


Bölməyə aid digər xəbərlər