Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ölkə üzrə fəaliyyət göstərən idarələrinin işçiləri əməkhaqqı ala bilmirlər.
Agentlik işçilərinə dekabr ayının əməkhaqqını ödəməyib, bu isə Yeni il ərəfəsində işçilərin ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. Artıq yanvar ayı da başa çatmaq üzrədir, lakin maaşlar hələ də ödənilməyib. Bu hal işçilər arasında kütləvi narazılıqlara yol açıb.
Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanların bir qismi maaşlarını alsalar da, rayonlarda fəaliyyət göstərən işçilər hələ də əməkhaqqı gözləyir.
Bu gecikmələr işçilərin maliyyə vəziyyətini ağırlaşdırıb. Bir çox işçi kredit borclarını ödəyə bilmədiyi üçün əlavə faizlər və cərimələrlə yüklənib. Əməkhaqqının vaxtında ödənilməməsi onların ailəvi vəziyyətinə də mənfi təsir göstərib. Fevralın 4-də həm dekabr, həm də yanvar ayının maaşı ödənilməli olsa da, işçilər bu müddətin də keçəcəyi və maaşların yenə gecikəcəyi ilə bağlı narahatdırlar.
İşçilərin narazılığı artır
Mənbələrin bildirdiyinə görə, idarə rəhbərləri maaşların nə zaman ödəniləcəyi ilə bağlı heç bir konkret məlumat vermirlər. Əməkhaqqının gecikməsinin səbəbi və ödəniləcəyi vaxtla bağlı işçilərə hər hansı açıqlama verilməməsi onların narahatlığını daha da artırır.
"Yeni il qabağı maaşsız qalmaq bayram planlarımızı alt-üst etdi. Gündəlik ehtiyaclarımızı qarşılamaq üçün borclanmağa məcbur olduq və bu proses hələ də davam edir", - deyə işçilərdən biri redaksiyamıza bildirib.
İşçilərin maliyyə vəziyyəti daha da ağırlaşıb
Bir neçə işçi artıq iki aylıq maaşlarının ödənilməməsi səbəbindən ailələrini dolandırmaqda çətinlik çəkdiklərini, gündəlik ehtiyaclarını təmin edə bilmədiklərini vurğulayıb. Xüsusilə kredit borcu olanlar əlavə faizlər səbəbindən daha da çətin vəziyyətə düşüblər.
AAYDA-nın bir əməkdaşı adının açıqlanmaması şərti ilə redaksiyamıza bunları deyib:
"Biz hər ayın maaşını növbəti ayın 4-ü alırdıq. Amma artıq yanvar bitir, hələ dekabrın maaşını ala bilmirik. Soruşuruq, deyirlər ki, "büdcə ayrılmayıb". Nə məsələdir, bilmirik. Yeganə bildiyimiz odur ki, işləyirik, amma maaş verilmir. Maaşımız onsuz da çox deyil, ancaq ailəmizin ehtiyaclarını və kredit borclarını ödəməyə çatır. Maaş gecikdiyi üçün banklar hər gün zəng edir, borclarımıza faiz gəlir. Borc alıb evimizə çörək alırıq. Belə nə vaxta qədər davam edəcək? Fevralın 4-də maaşlarımızı almasaq, vəziyyət daha da pisləşəcək".
AAYDA isə deyir ki...
AAYDA rəhbərliyindən bu problemə dair işçilərə heç bir aydın və rəsmi açıqlama verilməməsi işçilərin narazılığını daha da artırır. Problemə təcili həll yolu tapılmaması isə daha böyük gərginliyə yol aça bilər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Musavat.com-a bildirib ki, maaşlar ödənilib:
"Agentlik tərəfindən maaşlar vaxtında ödənilib. Ola bilər ki, hansısa idarə gecikdirib, amma maaşlar biz tərəfdən vaxtında ödənilib".
Maraqlıdır, birdən çox rayonda maaşlarını ala bilməyən əməkdaşlar var. Amma agentik deyir ki, "biz ödəmişik". Onlar ödəyib, maaşları almalı olanlar almayıb.
O zaman ortaya sual çıxır - bu pullar haradadır?
musavat.com
Bölməyə aid digər xəbərlər