Keçən mövsüm büdcəsi artırılsa da, istənilən nəticəni əldə edə bilməyən və Premyer Liqada yalnız son turda “Şamaxı”ya qalib gələrək mövqeyini qoruya bilən “Səbail”in heyətində böyük dəyişikliklər olacaq.
Oxu.Az xəbər verir ki, komandanın baş məşqçisi Şahin Diniyev artıq “təmizləmə əməliyyatı”na başlayıb.
Proses lazımsız legionerlərin yola salınması ilə start götürüb. Baş məşqçinin istəyi əsasında hücumçular - uqandalı Kizito Luvaqa, portuqaliyalı Qoba Zakpa və bolqarıstanlı yarımmüdafiəçi Emil Martinova qapı göstərilib. Hər üç oyunçu ilə müddəti başa çatan müqavilə yenilənməyəcək.
Əvəzində paytaxt təmsilçisi serbiyalı Matiya Lyuiçi komandada saxlamaq istəyir. Şahin Diniyevin istəyi ilə qışda Macarıstan” “Uypeşt”indən icarəyə götürülən oyunçu üçün qarşı tərəflə danışıqlar aparılacaq.
Diniyevin vaxtında cəlb edilən digər legioner - qvineya-bisaulu vinger David Qomisin müqavilə müddətinin bitməsinə hələ var və o, komandada qalacaq.
Digər legionerlərlə bağlı hələlik yekun qərar verilməyib.
Qeyd edək ki, “Səbail” ötən mövsümü 29 xalla 9-cu pillədə başa vurub. Komandadakı əcnəbilərin əksəriyyəti əvvəlki baş məşqçi Mahmud Qurbanovun istəyi ilə cəlb olunub.
Bölməyə aid digər xəbərlər