10:29 / 29-01-2025
İlham Əliyev səs verdi
"Aşağı qiymətə aldanıb özünüzü problemə salmayın..." - "Asadzade Sanan"dan NARAZILIQ...


"Mən, 4 sentyabr 2024-cü il tarixində "Asadzade Sanan" şirkəti ilə müqavilə bağlayıb Honda CRV 2024 model avtomobil sifariş etdim və növbəti gün də avtomobilin tam ödənişini Çinə ödədim. Sifarişin üstündən təxminən 2 həftə keçəndən sonra mənə məlumat verildi ki, bəs həmin maşınla bağlı sifarişlər qəbul olunmur zavod tərəfindən. Səbəbini soruşduqda tutarlı səbəb bildirmədilər və başqa maşın sifariş etməyi təklif etdilər. Əks halda ödənişimin 2 həftə sonra ödənəcəyini bildirdilər.
Mənə BYD model avtomobilin sifariş edilməsini tövsiyyə etdilər. Nə isə, Honda CRV üçün ödədiyim ödənişin əvəzinə birinin Bakı təhvili qiyməti 12700 dollar olmaqla 2 ədəd BYD destroyer 05 sifariş olundu. Üstəgəl hər maşına görə 200 dollar da xidmət haqqı ödəmişəm..." "Dia.az" xəbər verir ki, bunu öz gileyində Zaur Məmmədov adlı paytaxt sakini ifadə edib.
Narazı vətəndaş daha sonra bildirir: "Çatdırılmanın konteynerlə olacağını bildirdilər, amma konteynerlə gətirilən avtomobillərin çatdırılma zamanı konteynerin iç divarlarına dəyərək zədələndiyini əsas gətirərək avtomobilləri avtovozla gətirəcəklərini bildirdilər.
Ödənişimin üstündən 140 gün keçəndən sonra avtomobillər 25 yanvar tarixində Meyvəli terminalına gəlib çatdı. Lakin reklamlarında avtomobillərin maksimum 45-60 gün ərzində ölkəyə çatdırıldığını bildirirdilər.
Üstəgəl də məndən hər maşına görə əlavə 50 manat da avtovoz açılışı üçün ödəniş tələb edildi. Halbuki mən müqavilə bağlayanda konteyner və ya avtovoz açılışı puluna ehtiyac olmayacağı bildirilmişdi.
Daşınma zamanı avtomobillər uzun müddət Xorqosda (Çinin Qazaxstanla sərhədində olan sərhəd-buraxılış məntəqəsi) saxlanıldı. Şirkət tərəfindən sənədləşmə düzgün aparılmadığı üçün çatdırılmanı həyata keçirən qazaxstanlı sürücünün adına etibarnamə yazıb xarici dilə tərcümə etdirib şirkətə təhvil vermişəm. Bundan sonra avtomobillər sərhədi keçə bilib.
Bir sözlə 140 gün ərzində bu şirkət məni çox yordu, dəfələrlə ofislərində oldum, uzun mübahisələrimiz oldu. Amma heç birinin xeyri olmadı.
Təxmini hesablamalarıma görə avtomobillin biri mənə 24500 manata başa gəlir, hazırda bazarda yenisinin satış qiyməti 23500 manatdır.
Sözümün canı odur ki, aşağı qiymətlərə aldanıb "Asadzade Sanan" şirkəti vasitəsilə avtomobil sifariş ETMƏYİN. Əks halda aylarla əsəbləriniz korlanacaq. Dedikləri sözün üstündə dayanmırlar, hər dəfə müxtəlif əsassız bəhanələr gətirib insanı hövsələdən çıxarırlar.
Zəmanətlə bağlı da absurd şərtləri var..."

Dia.az


Tarix: Bu gün, 09:42


Bölməyə aid digər xəbərlər